Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)        35 il  Azərbaycanda
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

MÜƏLLİM VƏ TƏLƏBƏ – Xidmət

Nəşrin tarixi 22.08.2026
Bölüm Məqalə
Bölümaltı

MÜƏLLİM VƏ TƏLƏBƏ - Xidmət

İnsanın həyatda əsas missiyalarından biri də xidmət etməyi öyrənmək, düzgün və gözəl xidmət göstərməyi bacarmaqdır. Bu keyfiyyət insanın mənəvi inkişafına, eqoizmdən kənar olmasına, həyat məqsədinə və daxili rahatlığa çatmasına, cəmiyyətdə birlik və sevgi ilə yaşamasına kömək edir. Xidmət etmək, o deməkdir ki, sevdiklərinin və tərəfkeşlərinin xidmətçisi olmaq, onları qorumaq və bəsləməkdir. Həyatda böyükdən kiçiyə hamı biri-birinə xidmət edir və bu ən şərəfli vəzifədir. Xidməti birinci böyüklər hərəkətlərində göstərir və öyrədir. Onlar həyat verir, rahat yaşamı təmin edir və qoruyur. Necəki, Yaradan kainatda olan hər şeyin və o, cümlədən canlıların xidmətçisi olduğu kimi, valideyin də evladlarının xidməçisidir. Müəllim tələbələrinin, ölkə rəhbəri sakinlərinin, böyüklər kiçiklərin xidmətçiləridirlər. Böyük olmaq istəyənlər xidmət etməyi bacarmalıdırlar. Xidmət, əlbətdə ki, səmimi olmalıdır və ürəkdən gəlməlidir. Bu işi yaxşı bacaranlar cəmiyyətdə düzgün böyüklük edirlər və rəhbər ola bilirlər. Lakin böyüklər vəzifələrini layiqincə yerinə yetirməzlərsə və ya xidmətçilik etməkdən boyun qaçırarlarsa, həyatda, cəmiyyətdə, ailədə harmoniya pozular. Böyüyün göstərdiyi əxlaq və xidmət sayəsində kiçiklərin qarşılıqlı göstərdiyi əxlaqi və xidməti təcrübələri artır və püxtələşir. İnsanda bu bacarıq və biliklərin olduğu təqdirdə, o, cəmiyyət tərəfindən həmişə seçilir və qəbul olunur.

İnsan ilk növbədə nəzakət və layiqli davranış qaydalarına yiyələnməlidir və üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Onun cəmiyyətdəki hər bir hərəkəti, orada olanlara hörmət ifadə etməkdir. Hörmət etmək, o deməkdir ki, hörmət etdiyiniz insanları dinləmək, onlara itaət və xidmət etməkdir. Sizə itaət edənlərə də xidmət göstərməlisiniz ki, itaətkarlıq hörmətlə olunsun. İnsanlardan güclə İtaətkarlıq əldə edilə bilər, amma hörmət isə qazanılmalıdır. Bunları anlayıb öyrənmək üçün tələbə olmaq lazımdır. Bəzən həyatda hər hansı işdə uğursuzluqla rastlaşsanız, buna pis baxmayın. Uğursuzluq Tanrı tərəfindən göndərilən bir müəllimdir. Əgər dərsi öyrənməsəniz, iki dəfə uğursuzluğa düçar olacaqsınız, amma öyrənsəniz, müdriklik qazanacaqsınız. Səhv etdikdə, ruhdan düşməməlisiniz, yenidən ayağa qalxıb xidmətə qayıtmalısınız. Xidmətə Tanrının xidmətçisi kimi qayıtmalısınız və hər şeyi ürəkdən etməlisiniz. Öz yolunuzu tapmalısınız, onu özünüzə məxsus etməlisiniz və hamının səhv olduğunu sübut etməlisiniz. Həyatda haqq yolu ilə nəyəsə nail olmaq istəyirsinizsə, ləyaqətli uğur qazananlardan öyrənin. Həyat özü bir oyundur, burada yalnız ağıl qalib olur. Ağıl vasitəsilə hətta piyada belə xidmət edə-edə sarayda vəzir ola bilir və ya sadiqlik göstərib başqa şahı mat edə bilir.

Tələbə müəllimin yanına ilk gəlişindən öz xidmətini təklif etməlidir. Xidmət təklifi borc və şərəf hissi ilə təqdim olunmalıdır ki, müəllim onu qəbul etsin. Sanki valideynə qarşı görülən xidmət kimi olmalıdır. Ola bilsin ki, müəllim heç vaxt köməklik barədə tələbəyə müraciət etməyəcək. Ona görə tələbə müəllimə qarşı çox diqqətli olmalı və heç nəyi gözündən qaçırmamalıdır və şəxsən ona olunası müraciəti gözləməməlidir. Özü müəllimə yaxınlaşıb, xidmətini ehtiramla və inandıricı şəkildə təklif etməlidir. Əks halda onun təklifi qəbul olunmaya bilər. Bu münasibətlərin özü, elə təlim proseslərindən biri sayılır ki, tələbəyə nəsə bir bilik ötürülsün. Bir şeyi nəzərdən qaçırmamaq ki, xidmət təklifi tələbənin bacarığı işlər çərçivəsində olmalıdır və ya o işləri bacaran, bilən insanın xidmətini müəllim üçün öz tərəfindən təmin etməlidir. Böyük məsələlərdə həmçinin başqa tələbə yoldaşlarını da bu işə cəlb etməlidir ki, həll olunası məsələ tez bir zamanda həllini tapa bilsin. Tələbə tərəfindən göstərilən xidmət özbaşına və ya öz bildiyi kimi deyil, müəllimin istədiyi və bəyəndiyi kimi olmalıdır. Tələbələr arasında müəllim üçün xidmətdə sanki bir yarışma olmalıdır. Müəllimin əlavə yükləri olmadıqda tələbələr ilə dərs prosesi və onlara bilik ötürülməsi rahat ola bilir. Müəllimə xidmət etmək, valideynə xidmət etmək kimidir. Valideyninə xidmət və qayğı göstərməyən kəs, müəlliminə də xidmət edə bilmir. Vaxtında bu biliklər evladlara tərbiyə olunmayıbsa, onda bu iş müəllimin üzərinə düşür. Ona görə də müəllim məcbur olub, dolayı yollar və misallarla böyüklərə xidmət etməyi tələbələrə öyrətməlidir. Çünki özü öyrənən və görüb-götürən insan həyatda nadir vaxtlarda olur. Hətta görüb-götürsə və ya öyrənsə belə, qabında saxlaya bilən az olur. Baxır ki, toxum harda əkilir, əgər daşlı və ya ayaq altı yerlərdə əkilərsə, o, cücərməz, münbit torpaqda isə cücərər. Amma torpağa bir şey əkilməzsə, heç nə çıxmaz və cücərməz. Əkilənlər isə təbii ki, bəhrəli və faydalı olmalıdır, necə deyərlər: "nə əkərsən, onu da biçərsən".

Xidmətçiliyi həmçinin müəllim də tələbəyə qarşı edir: ona bilik verir, həyatı öyrədir, çətin vaxta əlindən tutur, azanda yönəldir, yoldan çıxanda yola gətirir, qiymətli məsləhətlər verir, böyüklük edir, qayğı göstərir və müşayət edir. Tələbənin hər bir işinə zamin durur, hər hansı bir işə və ya tədrisə tövsiyələr edir, işlərinə və səyahətinə xeyir-dualar verir. Tələbə nə qədər müəllimə xidmət etsə də, müəllimin tələbə üçün etdiyi xidmət, tələbənin müəllim üçün etdiyi xidmətdən çox-çox böyük olur. Ona görə tələbə həyatı boyu müəlliminə ödənilə bilinməz qədər borcludur və bunu özü üçün fəxrli, şərəfli saymalıdır və unutmamalıdır. Əlbəttə ki, müəllim də müəllim adına layiq olmalıdır və tələbəyə qarşı xidmətini əsirgəməməlidir. Müəllimin özü də ömrünün sonuna kimi tələbə kimi qalıb daim öyrənməlidir və özünün də bir xidmətçi olduğunu unutmamalıdır. Müəllim tələbələrinə xidmət etməklə, onlardan daha çox şey öyrənə bilir və onlarda nəyin düz və nəyin düz olmadığını kənardan görə bilir. Bunun müqabilində kənardan görünən səhvləri özündə təkrarlamamağı və düz davranışları tələbələrə təşviq etməyi öyrənir.

Müəllim dedikdə yəni elm, bilik sahibi nəzərdə tutulur, tələbə isə həmin elmə, biliyə tələbatı olan kəsdır. İnsan dünyaya gələndən ömrünün sonuna kimi hər zaman yaşam üçün tələbat içindədir. Onun havaya, suya, yeməyə və istiliyə tələbatı var. Bu tələbatlar isə onun daxili aləmi üçündür, hüceyrələri yaşatmaq üçündür. Çünki insan bədəni tam hüceyrələrdən təşkil olunub və onlar da bizi olduğumuz və göründüyümüz kimi formalaşdırıb. Ona görə də var olduğumuz canlı varlıqlardan ibarət təbəələrə xidmət etməyi unutmamalıyıq. Onlar daim bizə xidmət edir və həyatımızı təmin edir. Onları qorumaq, iş proqramlarına mane olmamaq və onları çox yükləməmək bu bizdən onlara qarşı tələb olunan xidmətdir. Qorxu, stres, gərginlik, yorğunluq, artıq güc itkisi, çox qida qəbul etmək, lazımi qədər yatmamaq, dincəlməmək və pis fikirlər, sözlər, əməllər daxili aləmimizdə tarazlığı pozur və bizi məhvə doğru aparır. Bununla insan zəifləyir, xəstələnir və bədəndə müxtəlif pozuntular, dürğunluqlar və fəsadlar peyda olur. Əlbətdə ki, bədənin hüceyrələrində qorunma, bərpa olma, xəstəliklərdən qurtulma və inkişaf etmə proqramı öncədən vardır. Lakin hüceyrələr üçün biz xidmət etmədikdə və onlara rahatlıq və sevinc şəraiti yaratmadıqda bədəndə tarazlıq yaratmaq mümkün olmur. Bununla da insanın sağlam, xoşbəxt, uzunömürlü yaşamağına mane olan düşmən, elə məhz onun özü olur.

Dünyaya gələndən insanın həyat üçün lazım olmayan biliklərə ehtiyacı olmur. Onun daxili aləmi onu böyüdür və möhkəmləndirir. O, instinktiv nəfəs alır, yeyir, içir və hərəkət edir. Valideyinlər ilk vaxtlarda onu qida ilə təmin edir, istidən, soyuqdan, səhf hərəkətlərdən və təcavüzlərdən qoruyur, və getdikcə bu bacarıq və bilikləri ona bir müəllim kimi aşılayır. Uşaq da bir tələbə kimi bunların hamısını, düz olub olmamasına baxmayaraq, götürür və bunlar ilə yaşayır. Sonra uşağa xidmət üçün əlavə olaraq tərbiyəçilər və müəllimlər də qoşulurlar və öz növbəsində onlar da proqrama müdaxilə edirlər. Ya düzgün olmayan proqramı düzəldirlər, ya da düzgün proqramı dəyişib korlayırlar. Yaxşı tərbiyə və bilik proqramını isə yalnız düzgün həyat tərzi yaşayan insan bölüşüb verə bilər. Bəzən də insan özü düzgün olmayan proqramını ustad, hikmət, kitab, müşahidə və analiz yolu ilə də düz yolu əldə edib dəyişə bilər. Amma əfsuslar olsun ki, əxlaq və hikmət sahibi olmaq əvəzinə, uşaqlıqdan insana hərhansı vasitə ilə olursa olsun çox pul qazanmaq, vəzifə sahibi olmaq tərbiyə olunur. Ümumiyyətlə həyatı düzgün yaşamaq üçün insana çox bilik lazım deyil, sadəcə lazım olanı: əxlaqlı olmaq, sağlamlığı qorumaq, rahat yaşamaq, insani keyfiyyətləri özündə cəmləşdirmək, özünü tanımaq, həmçinin daxildə və xaricdə olan aləmə xidmət etməyi unutmamaqdır.

Dünyada ən böyük çatışmamazlıq insanların yalnız özlərini düşünüb başqalarına əhəmiyyət verməmələridir və sanki nəsə çatışmırmış kimi davranırlar. Bununla onlar ürəklərini daraldırlar və onun böyüməsinə imkan vermirlər. Əgər insanın böyük ürəyi olarsa, necə ona nəsə çatışmaya bilər? Hətta ən kiçik şeylər belə onun üçün bol olur və o, xoşbəxt olur. Bunun üçün sadəcə başqalarının nailiyyətlərinə sevinməyi və onları dəstəkləməyi öyrənmək lazımdır. Ambisiyalarınız eqoist olmamalıdır, özünə bir yaxşı şeyi arzulayan başqasına ikisini arzulamalıdır. Belə olduqda siz öz fikirlərinizlə də başqalarına xidmət edirsiniz və qayğı göstərirsiniz. Xidmət təkcə görünüşdə olmamalıdır, o, ürəkdən gəlməlidir. Yalnız ürəkdə gələn xidmət səmimi olur. Özündə olduğuna qane olan və şükürlü olanın ürəyi böyük olur. Başqalarına niyyətlərində xidmət edən adamın həyatı rahat olur, kənardan olan gözlərdən, pis fikir və niyyətlərdən uzaq olur. Səmimi xidmət həmçinin insanlar üçün qayda və qanunlarda da özünü göstərməlidir və onların rifahı üçün olmalıdır. Xidmət göstərən hər hansı şəxslər xidməti haqq-ədalət prinsipləri ilə insanlara qulluq göstərməlidirlər. Əks halda fikirlər, niyyətlər və onlardan gələn əməllər üçqat-beşqat geri qayıdır, yaxşılığa yaxşı - pisliyi pis. Düzgün ünvanda başqalarına xidmət edən insanın arzuları çin olur və həyatı haqq tərəfindən ruzili və bərəkətli olur.

Xoşbəxt və sağlam olmaq üçün, insanlara deyil, öncə sizə həyat verən daxilinizdəki Ruha xidmət edin. Ruhunuzu tanımaq üçün isə, ilkin özünüzü öyrənib tanımalısınız. İçinizdə olan əgər-əskikləri özünüzə xidmət edərək, qaydaya salmalısınız. Təkcə bədən deyil, həmçinin fikirlərinizi də təmizləməlisiniz. Özünü düzəldən və təmiz düşüncəli olan insan başqasına məsləhət verib, yol göstərə bilər. Günahı olmayan günahkarı mühakimə edə bilər. Özünə qalib gələn, başqalarını məğlub edə bilər. Özünüzü heç vaxt unutmayın, siz birincisiniz və əsassınız, siz olmasaz və ya zəifləsəz istədiyiniz insana da xidmət edib, qayğı göstərə bilməzsiniz və həmçinin ona ağır yük ola bilərsiniz. Öz qədrini bilməyən, əmanət olan bətnini qorumayan və ruhuna xidmət etməyən insan mənasız həyat yaşamış olur və gələcək nəslə nə xeyirli, nə də örnək ola bilir. Belə insanların sayı artdıqca, nadanların və günahkarların sayı da artır və qaranlıq dövr hökm sürür. Lakin heç nəyə baxmayaraq, üzərində işləyən insanın həyatı işıqlı olur və belə insan xoşbəxt həyat yaşaya bilir.

Cəhalət hökm sürəndə və günahkarlar hökmranlıq edəndə şərəfli vəzifə tənhalıqdır.

Fərhad Ələsgərov

Məqalələr
Dərclər
© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az