|
MÜƏLLİM VƏ TƏLƏBƏ - Əxlaq
Əxlaq - həqiqəti dərk etmək üçün ali müdrikliyə aparan yollardan biridir.
Müəllim və tələbə, biri öyrədir digəri öyrənir, bilik ötürülür və bilik əldə edilir. Yeni biliklər öyrənsək də, dünyanın bütün bilikləri, necə ki, qeyd olunmuşdu, artıq kainat proqramında mövcuddur. Hər kəsə öz qabiliyyətləri vasitəsilə bu proqrama daxil olmaq imkanı verilib, lakin bunu etmək üçün onlar beynini və özlərini inkişaf etdirməlidirlər. Dərin biliklərə çatmaq üçün isə, özündə əxlaqi keyfiyyətləri inkişaf etdirmək lazımdır. Bu o deməkdir ki, insan üçün ən zəruri olan təhsil əxlaq bilikləri və onun həyatda tətbiqidir. Yalnız əxlaq insanı bütün digər canlı orqanizmlərdən fərqləndirir və onu hamıdan daha fəzilətli edir. Əxlaq insana həqiqəti tanımağa kömək edir və necə deyərlər, həqiqətə gedən yolun yarısıdır. İnsanda səmimi əxlaq sayəsində bədənin sağlamlığı, zehnin aydınlığı və ruhun nuru əldə olunur. Əxlaq qəlbin işığını işıqlandırır və hər şeyi görünən və fərqləndirən edir. Əxlaq insanı insani edir və onu insanlığa sevgi qanunu ilə müşayiət edir. Belə bir insan hamının xöşluğu üçün çalışır, həqiqət üçün xidmət edir və hər şeydə və hər yerdə sülhü sevəndir.
Müəllim öz tələbələri üçün valideyn kimidir, o, onlara həyati əhəmiyyətli biliklər öyrətməklə və verməklə onları yenidən dünyaya gətirir. Halbuki, bununla ailələrdə valideynlər məşğul olmalıdırlar və öz uşaqlarına saleh bir həyat öyrətməlidirlər. Uşaq valideynlərinin davranışlarında gördüyü hər şeyi onlardan götürür, bundan əlavə valideynlər ona düzgün və düzgün olmayan biliklərini və ətraf mühitə olan münasibətlərini də aşılayırlar. Buna görə də, uşağa valideyn təkcə valideyn kimi yox, həyat müəllimi kimi lazımdır. İnsan özü əxlaq biliklərinə yiyələnməyincə və ona əməl etməyincə, övladında və ya tələbəsində mənəvi keyfiyyətlər inkişaf etdirə bilməyəcək. Buna görə də, ilk növbədə, onlar evlad və ya tələbələrinə qarşı müəyyən davranış qaydalarına riayət etməli, həyat haqqında biliklər verməli və onlara mərhəmət göstərməlidirlər. Düzgün əxlaqi tərbiyə almayan və ya ona əməl etməyən insan nə ailəsinə, nə cəmiyyətə, nə də özünə heç bir fayda verə bilməz. Lakin o cəmiyyətdə ki, hörmət, minnətdarlıq, düzgün münasibətlər və müsbət qarşılıqlı dəstəklər var, orada həmişə rifah və inkişaf olur. Bu davranış keyfiyyətləri ailələrdə, cəmiyyətlərdə və fərddə ahəngdar bir həyat yaradır. Bu prinsiplərlə yaşayan insan həmişə öz yerini və vaxtını bilir, eyni zamanda cəmiyyətin hörmətli və arzuolunan üzvü olur.
Bizim əməlisaleh əcdadlarımız biliyi hər şeydən üstün tuturdu. Hələ qədim dövrlərdən bəri müəllimdən tələbəyə bilik ötürmək və qəbul etmək, cəmiyyətdə və ailədə insanlar arasında münasibətlər qurmaq, dinc yanaşı yaşamağı təmin etmək üçün kanonlar, qaydalar və müqəddəs kitablar tərtib edilmiş və bunlar nəsildən-nəslə, böyükdən kiçiyə ötürülmüşdür. Bu etik münasibətlər hansı millətlərdə olmasından asılı olmayaraq, zahirən fərqli olsalar belə, hamısının vahid bir prinsipi var idi. Təəssüf ki, bəzi xalqlarda bu əxlaqi prinsiplər itirilmiş, digərlərində isə qorunub saxlanılmış və hətta inkişaf etdirilmişdir. Bu mədəniyyət hər hansı bir ölkəyə və ya xalqa məxsus deyil, o, ümumbəşəridir və hər kəsə məxsusdur. Bütün bunlar dinlərdə və həyat biliyi ilə bağlı müqəddəs kitablarda, eləcə də saleh insanların davranışlarında mövcuddur. Hörmət etdiyimiz saleh insanın həyatını yaşamadan yolu izləmək, hətta bu istiqamətin ayinlərini və ibadətlərini yerinə yetirsək belə, bütün bunlar mənasız və boşdur. Salehlərin yolu ilə getməyin və yaşamağın çətinliyindən danışmaq sadəcə özü üçün bir bəhanə və ya haqq qazandırmaqdır. Sadəcə, heç bir səbəb olmadan onu təqlid etməyə çalışmaq və həyatda onun izləri ilə getmək lazımdır. Müəllimdən bilik əldə etmək üçün tələbə əxlaqı öyrənməlidir ki, bu da yolda olan bir səyyah üçün əsas və ilkin tələb hesab olunurdu. Tələbə bilik və müdrikliyə məhz müəlliminə hörmət etməklə nail ola bilər.
Əxlaq bizə böyüklərə hörmət etməyi, kiçiklərə qarşı mərhəmətli olmağı və bilik sahiblərinə qiymət verməyi və minnətdarlığı öyrədir. Aşağıda müəllim və tələbə arasında olan münasibətlər sadalanır, hansılar ki, həmişə və hər yerdə aktualdır:
Müəllimin tələbələrinə qarşı münasibəti
Tələbələrin tədrisi və tərbiyəsi prosesində müəllim aşağıdakı etik qaydalara və normalara riayət etməlidir:
1. Onların dərs öyrənmələrinə və çətinliklərinə təmkinlə yanaşmalı, keyfiyyətli təhsil və nizam-intizam təmin etməli.
2. Tələbələrin bilikləri daha yaxşı başa düşməsi üçün tədris zamanı səssiz və sakit mühit yaratmalı və qorumalı.
3. Nəzakətli, sakit və mülayim olmalı.
4. Ləyaqətlə oturmalı, durmalı, yeriməli və özünü aparmalı.
5. Başını və qamətini düz saxlamalı.
6. Təvazökar olmalı.
7. Yersiz zarafatlardan və yumordan çəkinməli.
8. Tələbələrə qarşı mehriban və qayğıkeş olmalı.
9. Öyrənməkdə çətinlik çəkənlərə qarşı səbirli olmalı.
10. Səhvləri yumşaq xəbərdarlıqlarla düzəltməli.
11. Sualı təkrarlayanları danlamamalı.
12. Sual verənlərə səmimi qayğı ilə yanaşmalı.
13. Cavab verməzdən əvvəl sualı başa düşməli.
14. Dəlilləri qəbul etməli və mübahisə etməməli.
15. Həqiqətə varmalı və təvazökarlıqla ona əməl etməli.
16. Tələbənin səhv bilik əldə etməsinin qarşısını almalı.
17. Tələbənin həqiqətdən başqa kimsə üçün faydalı bilik öyrənməsini qadağan etməli.
Buna görə də hər bir müəllim tələbələri ilə bu etiket qaydalarına uyğun davranmalı və onlara faydalı biliklər aşılamalıdır.
Tələbənin müəllim qarşısında məsuliyyətləri
Tələbənin müəllimlə ünsiyyətdən faydalanmasına imkan verən bir sıra qaydalar və etiket normaları mövcuddur:
1. Müəlliminizi salamlayın və düz durun.
2. Müəllimin icazəsi ilə oturun.
3. Hörmət və ehtiramla oturmaq lazımdır.
4. Müəllimin yanında az danışın.
5. Müəllim soruşmadığı təqdirdə danışmayın.
6. İcazə almadan sual verməyin.
7. Müəllimin yanında digər tələbələrlə danışmayın, səs-küy salmayın və diqqətinizi yayındırmayın.
8. Müəllimin sözünü kəsməyin və danışdıqda ona kömək etməyə çalışmayın
9. Başqalarının ziddiyyətli fikirlərini ona bildirməyın və etiraz etməyin.
10. Onun biliklərini, qiymətləndirmələrini və şərhlərini minnətdarlıqla qəbul edin.
11. Onun yanında dostunuzun qulağına pıçıldamayın, əl işarələri etməyin və ya göz vurmayın.
12. Onun düşüncələri və ya söhbətləri zamanı səssiz qalın.
13. O, gəlib gedəndə ayağa qalxın.
14. Müşayət edərkən, heç nə soruşmadan onun yanında gedin.
15. Bütün sevdiklərinə hörmət və mehribanlıq göstərin.
16. Heç vaxt onun sirlərini açmayın.
17. Onun yanında heç kimi ləkələməyin.
18. Ona faydalı və xidmətdə olmağa çalışın.
19. Tələbə müəllimə "sən" deyə müraciət etməməli, ona "əziz müəllim" deyə müraciət etməlidir. Hətta yanında olmadıqda belə, onun fikrinə hörmətlə, məsələn, "Əziz müəllim dedi ..." kimi ifadələrlə səsləndirməlidir.
20. Tələbə müəllim haqqında yaxşı fikirdə olmalıdır və əgər onun davranışında sizə bir şey səhv görünürsə, onu mühakimə etməyə tələsməməlisiniz və xüsusən də onun haqqında digər tələbələrə arxasınca qeybət etməməlisiniz.
21. Tələbə müəllimin dərsinə, ofisinə və ya evinə icazə aldıqdan sonra daxil ola bilər. İcazə verilmədikdə, getməlidir. Məllimin yanına gəldikdə barmaqlarla üç dəfə sakitcə qapını döymək və ya zəngi çalmaq lazımdır. Müəllimin yanına təmiz paltarda, xoş ətirli gəlmək lazımdır.
22. Tələbə təhsil aldığı müddətdə zarafatlardan çəkinməli və zehnini boş və lazımsız şeylərdən təmizləməlidir. Həddindən artıq gülməkdən, oynamaqdan, mübahisə etməkdən və fikir ayrılığı ifadə etməkdən çəkinməlidirlər. Öyrəndikləri şeylərin təsirli olması üçün onları əzbərləməli və yadda saxlamalı, biliklərin zehnində yetkinləşməsinə imkan verməlidir.
23. Tələbə müəllimin özünəməxsus xarakterinə, xasiyyətinə, ciddiliyinə və sərtliyinə hörmətlə yanaşmalıdır, və kim ki, öyrənmədə çətinliklərə dözür bilik əldə edəcək. Həmçinin, tələbə hər şeydən ən yaxşısını götürməlidir, çünki onun həyatı bütün bilik növlərini anlamaq üçün kifayət deyil.
Elə müəllimlərdən öyrənmək lazımdır ki, bilikləri ilə ahəngdar və təmiz ürəklə yaşayırlar. Çünki əməlsiz bilik, insanı nə bəzəyir, nə də xilas edir. İnsan nə qədər savadlı olursa olsun, bildiklərinə uyğun hərəkət etməsə, biliyi faydasız olacaq. Müəllim, hər şeydən əvvəl, özünə qarşı tələbkar olmalıdır ki, tələbə onun hərəkətlərinə əməl etsin və sözlərindən faydalansın. Belə bir müəllim tapdıqda ona tabe olmalı və ona qarşı təvazökarlıq göstərməlisiniz ki, sizə bir şey ötürülsün. Yadda saxlamaq lazımdır ki, bilikli insan xurma ağacı kimidir, bilik istəyən isə onun altında oturub, ona çatacaq bir şeyin düşməsini gözləyir. O suallar ki, etiraz doğurur, onlara qarşı xoşagəlməz fikirdə olmaq lazım deyil, əksinə onların sirrini anlamaq və onların əsl mahiyyətini bilmək lazımdır. Buna görə də, hər bir bilik axtaran şəxs bilik əldə etmək üçün, müəlliminə yuxarıda qeyd olunan hörmət və nəzakətlə yanaşmalıdır. Necə deyərlər: "Birliyə nail olanlar bunu yalnız hörmət və ehtiramla, ayrı düşənlər isə yalnız hörmət və ehtiramdan imtina etməklə edirlər". Həmçinin yadda saxlamaq lazımdır ki, əxlaq insanı yüksəldir, ona əməl etməmək isə onu alçaldır. Əxlaq təkcə müəllimlə tələbə, valideynlə uşaq, böyüklə kiçik arasındakı münasibətləri deyil, həm də insanın ətrafındakı hər şeyə, o cümlədən hətta inventara, kitablara, qeydlərə və yazı materiallarına da münasibətini tənzimləyir.
Əxlaq insanın düzgün həyat sürməsi üçün tələb olunan şeydir. Onun vasitəsilə bədən, zehn və enerji düzgün istiqamətə gətirilir və onları sağlam, aydın və güclü edir. Əxlaq tərbiyə yolu ilə insan həyatına hopur və onun həyat tərzinə çevrilir. İnsana tərbiyə olunmaq daha çox lazımdır nəinki çoxlu bilik əldə etmək. Özünü tanıyan insan həqiqətən mədəni və etik olur. Zahirdə olan yaxşı tərbiyə, daxilin yaxşı tərbiyə olunmasından xəbər verir. Cəmiyyətdə əxlaqın inkişafı, insanlar arasında səmimi sevgi və qarşılıqlı hörmət yaradır. Lakin, əgər insan əxlaq baxımından tərbiyə olunmayıbsa və cəmiyyətdə necə davranacağını bilmirsə, onda onun uzaqlaşdırılması və ya məsafə saxlanması tələb olunur. Əgər tələbə mədəni davranışın hüdudlarından kənara çıxırsa, o zaman o da, başladığı yerə, əvvələ qayıdır. Həmçinin İnsanın öz zadəganlığı və ya var-dövləti ilə qürurlanması da cahillikdir, o, sadəcə hər kəsin doğulduğunu və əbədi olmadığını, elementlərdən və orqanlardan ibarət olduğunu anlamalıdır. Zadəganlıq zamanla yox olur, və var-dövləti də özü ilə apara bilməyəcək. Dünya malı dünyada qalır, insan bilmir harda udur harda uduzur. Əgər uşaqlar üçün pul yığmağı düşünürsünüzsə, onlar üçün ən yaxşı sərvət əxlaq tərbiyəsidir. Həqiqətən də, insan yalnız sağlam düşüncəsi, təvəzökarlığı, mənəvi təmizliyi və gözəl əxlaqı ilə fəxr edə bilər.
Düzgün yolda olun, öz üzərinizdə işləyin, özünüzü dərk edin və onda heç kim sizə zərər verə bilməyəcək.
Fərhad Ələsgərov
|