|
MÜƏLLİM VƏ TƏLƏBƏ - Həqiqət
Həqiqət budur ki, biz bədən deyilik, biz ruhlarıq!
İnsan həqiqəti başa düşməyincə tam təhsilli insan hesab edilə bilməz. Buna görə də, o, daim çaşqınlıq içindədir və hər hansı bir vəziyyətdə necə düzgün davranacağını dəqiq bilmir. Əgər bir şeyi başa düşmürsə, onda o kəsdən soruşmaq lazımdır, kimə onun əsl mənası açılıb. Lakin ən yüksək biliyi əldə etmək üçün sadəcə müəllimi qəbul etmək kifayət deyil, həmçinin ona təslim olmalı, bədənini, zehnini və ruhunu ona etibar etməlidir. Təvazökar bir tələbə qismində olmaq lazımdır ki, sizə bilik sirlərini açsınlar və şüurunuzu dəyişdirsinlər. Lakin, tələbə müəllimi qəbul etdiyi kimi, həmçinin ondan imtina da edə bilər, o vaxt ki, müəllim artıq onu daha yüksək inkişaf mərhələlərinə apara bilmir, utancverici hərəkətlər edir və ya yaxşını pisdən ayırmır. Müəllimlər özlərini dahi müəllim və bilici mütəxəssislər kimi aparmamalıdırlar. Onlar təvazökar olmalı və həyat haqqında anlayışlarının məhdud olduğunu etiraf etməli və özləri tələbə olduqlarını qəbul etməlidirlər. Yalnız bu şəkildə şüur həyat haqqında həqiqi bilik əldə edə bilər.
Müəllim Allaha bağlı olduğu müddətcə müəllimdir. Bu əlaqə itirilərsə, bu səlahiyyət də itir. Əslində, müəllim bir vəzifədir və o vəzifəni ixtisas və ləyaqətə uyğun olaraq tuturlar, və əgər bu keyfiyyətlər itirilərsə, onda vəzifə başqasına ötürülməlidir. Müəllim heç vaxt, heç bir halda həqiqəti pula, vəzifəyə və ya yaxşı həyat şəraitinə dəyişdirməz və düşmənçilik edən tərəfə də satılmaz. Əks təqdirdə, bu cür davranış müəllimin ixtisasını dərhal etibarsız edir və tələbələr daha layiqli bir şəxsiyyətin rəhbərliyi altına keçmək hüququna malik olurlar. Müəllim günəş kimi parlamalıdır. Günəşin şüası öz-özünə gəlir və onu satın almaq, yalvarmaq və ya inandırmaq mümkün deyil, onu istəyən hər kəsə gəlir. Eləcə də müəllim, hər gün çətinliklərə, məhrumiyyətlərə, yaşa və insan nankorluğuna baxmayaraq, sadəcə qalxır və bilik işığını onu istəyən hər kəsə çatdırır. Amma qəribə olan odur ki, müasir insan gəlib öyrənmək istəyini ifadə etsə də, müəllimin dediklərini etmir. Bu ürəyin sərtliyindən və şüurun təmizlənməməsindən irəli gəlir. Təəssüf ki, bu, dövrümüzün xəstəliyidir.
Niyə bu baş verir? Çünki hər kəs asan öyrənmə yolu istəyir və biliyin dərinliklərinə girmək istəmir. Axı sağlamlıq, bilik və ruh pulnan alınmır və hədiyyə də verilmir, sadəcə özü üzərində işləmək yolu ilə əldə edilir. Əldə olunanın inkişafı isə qamçı və şirinlik metodu ilə, itaət, xidmət və xərclər yolu ilə baş verir. Mənəvi inkişaf üçün sağlam bədən və təmizlənmiş ağıl lazımdır. Əgər insan mənəvi cəhətdən inkişaf etmirsə və ya inkişafını dayandırırsa, deməli, insan alçalır və yolunu azır. Müəllimin vəzifəsi tələbəni öz ağlından və axmaqlığından qorunmağı öyrətmək və xəbərdar etməkdir. Buna görə də, ona inkişafda əsas keyfiyyət olan cəsarəti öyrədir. Belə bir tələbə ruhən güclü olur və başqalarını xilas etmək naminə canını qurban verməkdən çəkinmir. Dünya günahlı istəklərin odunda boğulur, materializm insanı kölələşdirib. İnsanlar bu vəziyyətlərə o qədər qapılıblar ki, xilas olmaq istəmirlər və hətta hansı xoşagəlməz vəziyyətdə olduqlarını belə anlamırlar. Ruhi inkişaf - bütün bəşəriyyət üçün bir xilasetmə əməliyyatıdır.
Tələbə üçün təlimdə ən vacib şey müəllimin şüuru ilə harmoniyada olmaqdır. Müəllimin rolu Tanrı ilə harmoniya yaradan bir təlim yaratmaqdır. Çünki müəllim müəllim deyil, Rəbb müəllimdir. Müəllim isə onlar arasında bir əlaqəçidir. Buna görə də, tələbələr müəllimi məyus etməməlidirlər. Onlar tələbə olduqda yaxşı insanlar olurlar. Lakin məqsədləri, bilik əldə etmədən, nailiyyətlər əldə etmək olduqda isə, səhvə yol verirlər və yollarını azırlar. Tanrı hər kəsi sınayır, həmçinin müəllimi də sınayır. Buna görə də hər kəs öz daxilindəki Mən-i öldürməli və bütün idarəetməsini (evi, vəzifəsini, özünü) Tanrının əlinə təslim etməli, Onun xidmətçisi və təliminin ötürücüsü olmalıdır. Bütün bizim həyatımız, nailiyyətlərimiz və qazandıqlarımız Onun iradəsindən və Ondandır. Tanrının adı ilə həyat xilasedicidir, amma əziyyətlidir, və bu mübarək bir yoldur. Yolu tapan hər kəs bir çox sınaqlardan keçməlidir. Yalnız cəsarət hər şübhədən və natəmizlikdən qurtulmağa kömək edəcək. Tələbələr enerji toplamaq üçün müəllimləri ilə müntəzəm olaraq görüşməlidirlər, əks halda bu dünyada yavaş-yavaş solacaqlar. Müqəddəslik Tanrıya yaxın olanlardadır və onlar həmişə Tanrının olduğu yerdədirlər. Onlar həmçinin, xoşbəxtlik tapmaq üçün onlara ehtiyacı olanların da yanında olurlar. Mükəmməl xoşbəxtlik yalnız ehtirassız və təmizlənmiş ruhun dinc qoynunda hökm sürür. Günahdan azad olaraq ruhunu Əbədiyə təslim edən şəxs bütün maneələri dəf edəcək və Allahla birlikdə xoşbəxtlik tapacaq.
Tələbə olmaq üçün, ustada düzgün yanaşmağı bacarmalısınız, ona hər şeydə itaət edəcəyinizə və bütün tələblərini yerinə yetirəcəyinizə söz verməlisiniz. O zaman müəllim sizi öz tələbəsi kimi öyrədəcək. Yalnız dinləməyi və görməyi bacaranlar öyrənə bilir. Təhsil aldığı müddətdə tələbə həm dərslərinə, həm də müəllimə çox diqqətli olmalıdır. Müəllimlə birlikdə olduğunuz zaman kənardakı həyatınızı unutmalısınız. Yolu tapmaq üçün müəllimlə təlim 3 gün, 3 il və ya daha çox vaxt apara bilər. Təlimlərin başlanğıcı və sonu yoxdur, onlar, davamlıdır. Tələbə təlimə necə yanaşırsa, o cür də mükafatlandırılır, - “nə əkirsənsə, onu da biçirsən”. Öyrənməyə yavaş-yavaş və sadə şeylərlə başlamaq lazımdır. Məsələn, barmaqlarınızdan başlayın. Əgər barmaqlarınızı idarə edə bilmirsinizsə, bədəninizi necə idarə edəcəksiniz? Bədəninizi rahatlatmağı öyrənin. Reaksiyalarınızı idarə edin. Reaksiya bacarıqlarınızı inkişaf etdirmək üçün eşitmə qabiliyyətinizdən istifadə edin. Təlim sizin öz bədəninizdə həkk olunmalıdır. Qorxunuza qalib gəlin. O, sizi kor edə bilər, o, şəri və əzabı qidalandırır. Yaradılışın ilahi hərəkətlərini daim yadda saxlayın və daim təbiətdən öyrənin. Bütün döyüş sənətləri bizə təbiət tərəfindən verilib. Od, su, hava, torpaq — bunların hamısı təməldir. Onlardan hər hansı biri olun və ya hamısını özünüzdə təcəssüm etdirin. Bütün kainatı öyrənmə məkanınız edin. Həyatın ən böyük mənası da elə budur.
Gündəlik həyatda etdiyimiz hər şey düzgün hərəkətlə və ləyaqətlə yerinə yetirilməlidir. Bədəni belə tərzdə tərbiyə etdikdə, üzərimizə götürdüyümüz hər şey artıq ustalıqla yerinə yetiriləcək. Bir insanın iş saatları ərzində necə davranması, məsələn, zənglərə cavab vermək, sənədləri yerbəyer etmək, surətini çıxarmaq və digər hərəkətlər artıq hər şey üçün əsas ola bilir. Buna görə də, nə edirsinizsə lazımi sədaqətlə etməlisiniz və artıq hərəkətlər etmək lazım deyil ki, layiqsiz görünməyəsiniz. Bunun üçün nə etməyinizdən asılı olmayaraq, çənənizi yuxarı tutun, kürəyinizi düz saxlayın, qarnınızdan nəfəs alın və danışın və hərəkətlərinizi daha həzin edin. Bütün bunlar istənilən işdə və sahədə ustalığı inkişaf etdirir. Əsas odur ki, insanda əzmkarlıq və inkişaf istəyi olsun.
Dərsləri yadda saxlayın və təlimlərin özünü anlamağa çalışın. Başqaları haqqında düşünməyin və heç kimə paxıllıq etməyin, bütün vaxtınızı və diqqətinizi özünüz üzərində işləməyə yönəldin. Vəzifə və ya nailiyyətlər, kimdənsə geridə qalmaq və ya sürətli böyümə haqqında düşünməyin. Eqosunuza tabe olmadıqda istəkləriniz azad ola bilər. Sadəcə axınla gedin və öyrənməkdən və həyatdan zövq alın. Özünüzdə xeyirxahlığı inkişaf etdirin ki, güclü olasınız. Xeyirxahlıq elə bir qüvvədir ki, onu heç kim qıra bilməz. Lakin paxıllıq etməklə, başqalarını məhv etməyi düşünməklə, özünüzü məhv etmiş olursunuz və bununla da özünüzə cəza və xəstəlik çağırırsınız. Düşüncədə ölü olan tələbələr reallıqda da ölüdürlər və onlar həqiqəti yalandan ayırd edə bilmirlər. Təəssüf ki, onların gözləri nifrətlə yanır və natəmiz düşüncələrin gözü günəşə baxa bilmədiyi kimi, həqiqətin də gözlərinə baxa bilmirlər. Lakin kim ki, özü üzərində məşq edir və inkişaf edir, zəif cəhətlərini aradan qaldırır və düşüncələrini təmizləyir, onlar günəşə rahat baxa bilirlər. Bu qazanclar onları müdrik etməklə yanaşı, külək kimi güclü və sürətli edir.
Bilik ürəkdən ürəyə ötürülür - bu, müəllimin ürəyini biliyə qoyduğu və bu biliyin digər açıq ürəklərə çatdığı zamandır.
Fərhad Ələsgərov
|