|
HƏYAT (Beşinci hissə)
Həyat yalnız əks qüvvələr sayəsində mövcud ola bilər. Bu əks tərəflər arasındakı əlaqələrdən həyat yaranır. Hər həyatın öz növü, öz ömrü, öz ölçüsü, öz orqanizmi olur. O, materiya şəklində olaraq kişi və dişi, və enerji şəklində müsbət və mənfi ola bilir. Bu görünən və görünməyən həyatlar özlərinə görə həyatı yarada bilirlər. Hər bir həyatın missiyası öz növünün və tərkib formasının davamı üçün bir proqrama malikdir. Bu proqramı həyatın ən yüksək forması tərtib edir və həyata keçirir. İki ziddiyyət bir-birini razılaşaraq qəbul etdikdə harmoniya yaranır. Müqavimət göstərdikdə və sevgi olmadıqda isə, konflikt yaranır. Harmoniya və konflikt iki əkstərəflər olsa da, onların da yaxşı və pis kimi öz həyatları var. Harmoniyalı həyatda sülh və xoşbəxtlik olur, münaqişəli həyatda nifaq və toqquşmalar olur. Ağıl sahibi olan insana bu ikisindən hansına xidmət etmək seçimi verilir, cəhalətdə qalmaq və ya oyanmaq. Öz şüurlu fikrinə malik olmayan həyatlar isə Mütləqin özünün ən yüksək şüuru ilə müşayiət olunur və övladları kimi onun tərəfindən qorunur.
İnsan yaşadığı müddətdə Mütləq tərəfindən sınaqlara çəkilir, şər qüvvələrin isə şirnikləndirmə və qorxularına məruz qalır. Mütləqin sınaqları və şərin şirnikləndirmə və ya qorxuları insanlar, şəraitlər, vəziyyətlər və həyatdakı digər hadisələr vasitəsilə həyata keçirilir. Bu qüvvələr sizi nə qədər manipulyasiya etsələr, sizinlə nə qədər pis davransalar, qəbul etdiyiniz və ya təslim olduğunuz zaman onlar üçün bir o qədər çox enerji istehsal edirsiniz. Bu, sizi sınağa çəkəni qidalandırır və nəticədə mükafatlandıraraq, sizi özünə xidmətçi edir. Amma maraqlısı odur ki, şər bütün bunları sınaqdan keçirəndə insanların müqaviməti sıfırdır və bu çirkabda özlərini daha rahat hiss edirlər. İnsanların 99%-dən çoxu bu reallıqda yaşayır. Arzu və qorxu onları əsarət altına alır. Şər insanlara istədiklərini verir və bunun müqabilində emosiyaları və istəklərilə istehsal etdikləri enerjini özü üçün alır. Lakin oyanmaq lazımdır ki, öz tullantıları ilə doldurulmuş kapsullarında oturmağa davam etməmək, əksinə onun içindən çıxmaq və doğulmaq. Doğularaq, siz özünüzdə və ətrafınızdakı dünyada həyatınızı dəyişirsiniz. Doğulan hər bir insan başqalarının yolunu işıqlandırmaq üçün seçilir. Ancaq ipləri şərin əlində ikən zombilər kimi sizə müqavimət göstərəcək 99%-i unutmayın. Sizin üçün tələlər qurulacaq, tez-tez hücumlar olacaq, lakin onlara qarşı yeganə müdafiəniz sevginizin gücü olacaqdır.
Doğulmaq heç vaxt gec deyil və bu zamandan və yaşdan asılı deyil. Yaşam dövrdə doğulmaq gənclik və xoşbəxt həyat qazanmaq deməkdir. İnsanlar sizə nə qədər yaxşılıq diləsələr də, sizin yenidən doğulmağınız üçün bunların gücü olmayacaq, çünki sizə yaxşılıq arzulayanların sizin üçün artıq gücü yoxdur. Onların cüzi gücləri yalnız öz həyatlarını dolandırmaq üçün kifayət edir, sizin üçün isə bunlar boş sözlərdən başqa bir şey deyil. Parlaq bir həyat üçün oyanış sizin özünüzün doğulmağını tələb edir. Sizə arzulana biləcək hər hansı bir yaxşılıq, doğru yola gələrək, oyanışınızın gücü sizin üçün təmin edə bilər. Təbii ki, oyanmış insan da öz istəyi ilə sizə mötəbər güc hədiyyə edə bilər, amma anladığınız kimi belələri azdır. Həmçinin düzgün istəməyi və buna layiq olmağı da hər kəs bacarmır.
Doğru yol həyat üçün kosmik qanunu olan yoldur. Bütün Kainat Ali ağlın qanunu ilə yaşayır. Ağlı olan hər bir həyat bunu dərk etməli və Onu, mövcud olan, görünən və görünməyən hər şeyin Ali Valisi kimi qəbul etməlidir. Ali ağıl iki əksi özündə birləşdirən harmoniyanın özüdür. Amma ağlımızı örtən qaranlıq pərdə bunu görməyə, eşitməyə, hiss etməyə və dərk etməyimizə mane olur. Bu xəstəliyə qorxu və emosiyalar bataqlığında boğulan, dünyada şərə nökərçilik edənlər ordusu yoluxmüşdur. Bu bataqlıqdan yalnız özünüz çıxa bilərsiniz, təbii ki, əgər bunu özünüz istəyirsinizsə. Sizin özünüzdən başqa heç kim sizi çıxarıb xilas etmək gücündə deyil, əgər ən azı buna özünüz cəhd etməsəniz və kimnənsə kömək istəməsəniz.
Əgər sizdə sual yaransa ki, görəsən, niyə Ali ağıl şəri silmir? Çünki şər onun bir parçasıdır və onun xidmətindədir. Axı həyat əksliklər sayəsində mövcuddur, dəstəklənir və qidalanır. Sadəcə bu qüvvələrdən hansını özünüzdə inkişaf etdirmək istədiyinizi seçməlisiniz. Ağ qüvvəni inkişaf etdirmək bizə xoşbəxt və şən həyat, qara qüvvəni inkişaf etdirmək isə qəmgin və kədərli bir həyat verir. Bu qüvvələr bir-birinin içində yaşayır və kimin kimə hakim olacağı sizin düşüncənizdən asılıdır. Nə vaxt ki, daxilimizdə ağ qaradan çox olursa bu sağlamlıqdır və əksinə olursa xəstəlikdir. Əgər təkcəz bədənin sağlamlığını qorumaq deyil, həmçinin zehni inkişaf etdirmək istəyirsinizsə, onda ağlınız tarazlığı qoruyaraq, onlara ədalətlə hakimlik etsin. Həyatınızı necə yaşamaq istədiyinizi seçmək sizə bağlıdır, Ali ağıla bənzər və ya... Amma təəssüf ki, 99% öz fikrində qalır. Onlara öz üzərlərində işləmək lazım deyil, azadlıq və məsuliyyət lazım deyil, onlar nəzarətdə olmaqlarını istəyirlər, və onlar rahat sabitliyə can atırlar. Onları yenidən düzəltmək həyatınızın və enerjinizin boşuna itkisidir. Azad ağıl öz-özünə işıq saçır və yaxşıya, pisə şükür edir, hər yerdə harmoniyadadır, hər yerdə, həm işıqda, həm də qaranlıqda daha rahatdır.
Həyatınızı necə yaşamalısız? Bu həyatda sizə həyat bir dəfə verilir və sağlamlığınıza zərər vermədən onu zövqlə yaşayın. Həyatı əks cinslə, düşüncələrlə, şəraitlə və digər situasiyalarla düzgün yaşamaq, kosmik həyatla eyni olacaq. Bu isə harmoniyadır və öz sağlamlığına zərər etmədən və konfliktsiz əks tərəflə birləşmək bacarığıdır. Unutmaq olmaz ki, əks qüvvələr bir-biri ilə vuruşur, ona görə də zorakılıq və aqressiyanı inkişaf etdirməmək üçün bu qüvvələrə nəzarət etməliyik. Bunun üçün qulaq asmağı öyrənin, başqalarının fikirlərinə müqavimət göstərməyin, hətta xoşunuza gəlməsə belə. Baş verən hər şeyi Ali ağılın əmri kimi sakitcə qəbul edin. Daxili tarazlıq yaratmaq üçün hər gün bədənin mərkəzi oxuna konsentrə olun. Hərəkətləriniz yumşaq və axıcı, düşüncələriniz başqalarına qarşı müsbət və haqq qazandırıcı olmalıdır. Harmoniya ilə həyat enerjinizi inkişaf etdirin ki, sağlamlığınızı qoruyasız, çünki sağlamlıq bədən ilə deyil, zehnin məmnunluğu ilə müəyyən edilir. Bədənin zəif yerlərini gücləndirmək və ruhu təmizləmək üzərində işləyin. Xarici forma daxili ruh olmadan bütöv deyil, onlar həyat üçün bir-birini tamamlayaraq bədəndə birləşmişlər. Lakin zahiri və daxili tərəflərin bir-biri ilə döyüşməsinə baxmayaraq, yalnız harmoniya qanunu onları sülhdə saxlayır.
Gənclik və qocalıq, xoşbəxtlik və bədbəxtlik həyatınızı nə qədər ahəngdar yaşamağınızdan asılıdır. Evlilik həyatında əks cinslə düzgün həyat yaşamaq üçün, harmoniya böyük əhəmiyyət kəsb edir. Kişi və qadın bir həqiqətin iki tərəfidir. Onlar öz istəkləri ilə birləşirlər və bu birlikdən yeni həyat yaranır. Ailədə harmoniyanın qorunmasında qadın mühüm rol oynayır. Ər və arvadın yaxşı münasibəti varsa, bu, uğur gətirəcək, bu da öz növbəsində ətrafdakı bütün insanlara yaxşı təsir edəcəkdir. Ər və arvad dünyavi puçluqdan və zənginləşməkdən üstün olmalıdırlar. Qadına utanclıq, kişiyə isə səbr yaraşır. Kişi şüurlu hərəkət etməli, qadın isə ona dəstək olmalıdır. Kişinin ruhunu zəiflətməməlidir, əksinə gücləndirməlidir. Ər həmişə arvadına hörmət etməlidir. Onu heç vaxt təhqir etməməlidir. Arvad həmişə ərinə sadiq olmalıdır, ər də həmişə arvadına sadiq qalmalıdır. Kişi hər hansı bir qərar verməzdən əvvəl həyat yoldaşının fikrini öyrənməlidir. Arvad həmişə ərini və onun ailəsini, eləcə də öz ailəsini sevməlidir. Ərinin ailə üzvlərinə qarşı qadında sevgi və xidmət hissləri olmalıdır. Ər və arvad evə gələn hər bir qonağa hörmət etməli və ona mərhəmət göstərməkdən imtina etməməlidir. Həyat yoldaşları arasında etibar sakitlik və harmoniya yaradır. Belə bir birlik həm onlar üçün, həm də başqaları üçün əlverişli olur. Başa düşmək lazımdır ki, ailə başqası üçün deyil, ilk növbədə özü üçün yaşayır.
Həyat ədalətli olmalıdır, ağrı və iztirab gətirməməlidir. Amma həyat elədir ki, bəzən əziyyətin özü bizi tapır. Nə qədər çalışsaq da, həyat heç vaxt mükəmməl olmur. Bəzən şərait bizim əleyhimizə olur, bəzən insanlar, amma yenə də həyatdan ümidimizi heç vaxt üzməməliyik və harmoniyada yaşamalıyıq. Harmoniya üçün bilik tələb olunmur, onlar yalnız müqavimət göstərir və yayındırırlar. Harmoniyanın özü bütün biliklərin biliyidir. Həyat və bütün dünya harmoniya qanunu sayəsində yaradılmışdır. Əgər ali ağlın ağlı ilə qovuşa bilsəniz, onda onunla birləşəcəksiniz və dünyadakı bütün biliklərdən üstün olacaqsınız. Sizə lazım olan tək şey öz boş ağlınızla onun fədaisi olmaq və onunla müşayiət olunmaqdır. Dünyanın yaranmasından tutmuş, kainatdakı həyatlar və bu günə qədər olan bütün məlumatlar bizim genetik quruluşumuzda qorunub saxlanılır. Bu informasiya bilikləri heç yerdə yoxa çıxmır, onlar bizi müşayiət edir və irəliyə ötürülür. Yalnız harmoniya yolu ilə insan bu informasiya biliklərinə köklənə və onlardan istifadə edə bilər.
Həqiqi həyat yalnız harmoniyadadır.
Fərhad Ələsgərov
|