HƏYAT (İkinci hissə)
İnsan həyatının mənşəyi kiçik mikroskopik həyat yaradıcı hüceyrələrdən başlayır. Bu hüceyrələr sahibini yeni bir şəxsiyyətdə təkrarlayır. Yeni doğulana xarakter, forma və görünüş proqramları valideynlər və onların əcdadları tərəfindən toplanan proqramlardan ötürülür. Lakin insan həmçinin yaşadığı dövrdə düşüncələri ilə özünü tərbiyə edərək, öz həyatını və gələcək nəsillər üçün proqramını yaxşı və ya pis tərəfə dəyişə bilər. Valideynlərindən hansı proqramı almasından asılı olmayaraq, proqram hüceyrələrinin söndürülməsi və ya aktivləşdirilməsi və yeni proqramlaşdırma fərdin özündən asılıdır. Buna həmçinin uşaqla təmasda olan insanlar və ətraf mühit, ilk növbədə valideynlər və ev də təsir edir. Uşağınızın yaxşı və xeyirxah olub-olmaması, özünüzü tərbiyə etməyinizdən asılıdır, hələ onu dünyaya gətirməmişdən əvvəl xasiyyətinizi, düşüncənizi və sağlamlığınızı dəyişərək, gələcək nəsil üçün yaxşı proqram hazırlamalısız.
Artıq deyildiyi kimi, insan təbiətin zərrəsidir və onun sahibi deyil. Onun özü də torpaq, su, hava, od, enerji kimi təbiət zərrələrindən ibarətdir. Bədənin strukturu orada yaşayan müxtəlif hüceyrələrdən qurulmuşdur. Bədəndə onlar olduqca çoxdurlar və müxtəlif funksiyaları yerinə yetirirlər. Bədən üçün gördükləri fərqli işlərdən asılı olaraq, hər birinin öz ömrü var. Onlar bizim bədənimizdə yaşayır, xidmət edir, çoxalır və ölürlər. Yalnız neyron beyin hüceyrələri ölmədən həyatımızın sonuna qədər bədənimizdə yaşayırlar. Həmçinin Ali Zəka ulduzlardan, planetlərdən və digər strukturlardan fərqli olaraq, Kainatda sona qədər əbədidir. Ali Zəka enerjisi bütün Kainatı əhatə edir, beynin neyron şəbəkəsinin də enerjisi bütün bədənimizi əhatə edir. Bizim enerjimiz və Kainat enerjisi bir-birinə bağlıdır və həmçini ölümdən də kənardırlar. Kainatda ölüm yoxdur. Bir vəziyyətdən digərinə daima keçid var. Buna görə də yaşayan insanların heç biri ölmür, çünki enerji əbədidir. Bu və ya digər formada siz həmişə mövcud olmusunuz.
Kainatda hər şey bir-birinə bağlıdır. Biz hamımız bir-birinə bağlıyıq və fərqinə varmasaq belə, hərəkətlərimiz başqalarına təsir edir. Kiminsə sevinci və ya kədəri olanda bütün dünyaya ötürülür və insanlar bunu hiss edirlər. Çünki onların bədənləri oxşar materiallardan, ruhları isə görünməz tellərlə bağlıdır. Kimsə xoşbəxt olanda ətrafdakılar da sevinc yaşayır. Və kiminsə kədəri hər kəsi bir az kədərləndirir. Həmçinin, Kainatda baş verən dəyişikliklər təsəvvür edə bilməyəcəyiniz qədər bizə daha çox təsir edir. Yer üzündəki bütün varlıqlar arasındakı əlaqələr bizim hərəkətlərimiz və düşüncələrimizlə güclənir. Hər bir hərəkət və düşüncə bir-biri ilə qarşılıqlı əlaqədə olan hadisələr zəncirini işə salır. Pisliyi aradan qaldırmaqla bir çox problemləri həll etmək olar. Həllin açarı xeyirxahlıqdadır, heç bir şəraitdə heç kimə zərər verməməkdir. Biz münaqişələri sülh yolu ilə həll etməyi öyrənməliyik, təcavüz və zorakılıqdan çəkinməliyik. Biz daxili münaqişələrimizi aradan qaldırmağa başlamalıyıq. Tərəqqi mənəvi inkişafla yanaşı getməlidir. Biz təbiətlə və bir-birimizlə harmoniyada yaşamalıyıq. Lakin hərəkətlərinizi düşünmədən irəliləyiş etsəz fəlakətə gətirib çıxara bilər. Bu həqiqətləri dərk etmək bizim şəfamız üçün vacibdir.
Həyat bizə niyə verilir? İnsanlar bu dünyada yaşamağa nə üçün layiq olublar, əgər İnsan kimi yaşaya bilmirlər və həşəratların həyatı kimi mənasız yaşayırlar. Həyatdan heç nə anlamayaraq, sanki əbədi yaşayacaqlar kimi yaşayırlar. Özləri də anlamadan hər gün bətnlərini rəzil arzuların atəşi ilə yandırmağa çalışırlar, onlara nəyin xeyirli, nəyin zərərli olduğunu ayırd etmirlər. Hətta bilikləri olsa belə, onlar, şöhrətpərəstlik və eqoizmlə müşayiət olunan bədən və ağlının ehtiyac və istəklərinə də bağlıdırlar. Bununla onlar özlərini taleyin bədbəxtliyinə məruz qoyurlar. Bu cür əzabların fəryadı dəhşətlidir, baxmayaraq ki, onlar çiçək kimi qısa müddət yaşasalar da, vaxtından əvvəl solub üfunət qoxulu ətə çevriləcəklər. Pis qoxu ilə çürüyən bu ət, gələcəkdə gül kimi açılacaq, iyrənc qoxusu isə ətir saçacaq. Həyat çox heyrətamizdir, o görünür və yox olur. Lakin onlar yox olduqda zamanın başqa ölçülərinə keçirlər. Düşüncələrdən və əməllərdən həyat boyu yığılan müsbət və ya mənfi cəhətlər onları gələcək həyatın arzu olunan yoluna paylayır. İnsana ancaq o özü dost və ya düşmən ola bilər. Həyatda yaşarkən cənnətdə yaşamaq və ya yer həyatından sonra səmavi ölçülərə keçmək insanın özündən asılıdır.
Fərhad Ələsgərov
|